çərşənbə 28 oktyabr 2026 - 19:36
İlahi hesablamalara görə, İranın dünyada birinci qüdrət olması nə deməkdir? / Qüdrətli İranın əsas göstəriciləri

Hövzə / Höccətül-islam vəl-müslimin Sənai ilahi hesablamalarda qüdrətin əsas göstəricilərini izah edərək xalqın səbir və dözümünü, Allaha təvəkkülü və ilahi yardımı xalqların qüdrətini təmin edən qeyri-maddi amillər sırasında qeyd edib. O vurğulayıb ki, İran İslam Respublikasının qüdrətini yalnız adambaşına düşən gəlir və hərbi büdcə kimi göstəricilərlə ölçmək olmaz. Çünki ilahi hesablamalarda maddi imkanlarla yanaşı, Allahmərkəzlilik, səbir və təvəkkül, eləcə də ilahi qoşunların köməyi ölkənin qüdrətinin qiymətləndirilməsində mühüm rol oynayır.

Höccətül-islam vəl-müslimin Hüseyn Sənai Qum Elmi Hövzəsinin ali səviyyəli dərslərinin müəllimi Hövzə Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibə zamanı qüdrət hesablamalarının maddi və qeyri-maddi, yaxud ilahi olmaqla iki yerə bölündüyünü bildirərək deyib ki, maddi hesablamalarda bir ölkənin qüdrəti yalnız kəmiyyət və maddi göstəricilər əsasında ölçülür. Ümumi daxili məhsulun həcmi, hərbi silahlar, ərazinin böyüklüyü və fosil yanacaq ehtiyatları ölkənin qüdrətinin qiymətləndirilməsində nəzərə alınan bu cür göstəricilərdəndir.

İlahi hesablamalarda maddi qüdrətdən əlavə hansı amillər nəzərə alınır?

O əlavə edib ki, ilahi hesablamalar maddi reallıqların nəzərdən kənarda saxlanılması demək deyil və bu cür yanaşmada qeyd olunan göstəricilər də nəzərə alınır. Lakin ilahi hesablamalarda maddi amillərlə yanaşı, digər məsələlərə də diqqət yetirilir.

Qum Elmi Hövzəsinin müəllimi fikirlərini davam etdirərək bildirib ki, ilahi hesablamalar bütün varlıq aləmini və bu aləmdə hökm sürən ilahi qanunauyğunluqları bütöv şəkildə nəzərə almaq deməkdir. Çünki maddi aləm varlıq nizamının yalnız bir hissəsini təşkil edir. Buna görə də maddi hesablamalarda qüdrət bir neçə maddi göstərici əsasında qiymətləndirildiyi halda, ilahi hesablamalarda həmin göstəricilərlə yanaşı, varlıq aləminin digər ölçüləri də nəzərə alınır.

Səbir düşmənin maddi üstünlüyünü təsirsiz hala gətirə bilər

Höccətül-islam vəl-müslimin Sənai ayə və rəvayətlərdə qüdrətin qeyri-maddi amillərinə toxunaraq ilk amilin səbir olduğunu bildirib və qeyd edib ki, səbir bir hökumətin və ya xalqın qüdrətinə təsir göstərən qeyri-maddi amillərdən biridir.

O, Ənfal surəsinin 65-ci ayəsinə istinad edərək bildirib ki, bu ayədə sayca az olan qüvvələrin daha çoxsaylı qüvvələr üzərində qələbə qazanmasında səbrin roluna xüsusi diqqət yetirilir. Bu məntiqə əsasən, səbirli yüz döyüşçü düşmən tərəfdən olan min döyüşçüyə qalib gələ bilər. Halbuki maddi hesablamalar baxımından bir tərəfin qüvvələrinin sayı digər tərəfin qüvvələrinin sayının cəmi onda birinə bərabərdir.

Elmi Hövzənin müəllimi İslam ordusunun 313 nəfərlik dəstəsinin düşmənin min nəfərlik qüvvəsi ilə qarşılaşması nümunəsinə toxunaraq vurğulayıb ki, maddi hesablamalarda qüvvələrin sayı qüdrətin ölçülməsi meyarlarından biridir. Lakin ilahi hesablamalarda İslam ordusunun qüdrətinə təsir göstərən qeyri-maddi amil kimi səbir də nəzərə alınır.

O, həmçinin qeyd edib ki, səbir yalnız döyüşçülərə aid deyil, bütün xalqı əhatə edir və hər hansı bir dövlət quruluşunun qüdrətini formalaşdıran qeyri-maddi amillərdən sayılır.

Gözlənilməz hadisələr qüdrət balansını dəyişə bilər

Höccətül-islam vəl-müslimin Sənai qüdrətin gerçəkləşməsində ikinci qeyri-maddi amilin ilahi qoşunlar olduğunu bildirərək deyib ki, ilahi ayələrdə göylərin və yerin qoşunlarının Uca Allaha məxsus olduğu bəyan edilir. Bunun mənası budur ki, göylər və yer Allahın qoşunları hesab olunur.

O əlavə edib ki, bəzən gözlənilməz hadisələrin bir-biri ilə elə uyğunlaşması və üst-üstə düşməsi nəticəsində elə bir vəziyyət yaranır ki, heç bir analitik mərkəz bunu əvvəlcədən hesablaya bilmir. Bununla belə, məhz bu cür gözlənilməz amillər ilahi nizamın qüdrətinə və İslam döyüşçülərinin qələbəsinə təsir göstərə bilər.

Qum Elmi Hövzəsinin müəllimi bu məsələyə nümunə olaraq Təbəs hadisəsinə toxunaraq bildirib ki, həmin hadisəyə maddi baxımdan yanaşıldıqda, düşmənə məxsus qırıcı təyyarələrin əməliyyat meydanına daxil olduğu görünür. Hətta İslam qüvvələrinin onların mövcudluğundan xəbərsiz olması ehtimalı da var idi. Bununla belə, gözlənilməz amillər meydana çıxdı və nəticədə düşmən məğlubiyyətə uğradı.

O, son müharibəyə də toxunaraq bildirib ki, bu cür hadisələr və gözlənilməz amillər qüdrətin qiymətləndirilməsi zamanı diqqət yetirilməli olan məsələlərdəndir.

«إِنْ یَنْصُرْکُمُ اللهُ» — Təvəkkülə əsaslanan qüdrət məntiqi

Höccətül-islam vəl-müslimin Sənai ilahi hesablamalarda qüdrətin üçüncü qeyri-maddi amilinin Allaha təvəkkül olduğunu bildirərək qeyd edib ki, «إِنْ یَنْصُرْکُمُ اللهُ فَلا غالِبَ لَکُمْ» ayəsinə əsasən, əgər Allah sizə yardım edərsə, heç kim sizə qalib gələ bilməz.

O, fikirlərini davam etdirərək bildirib ki, bu ayənin mənası budur ki, insanın dayağı Allah olarsa və ilahi yardım ona şamil edilərsə, dünyada heç bir fərd, dövlət quruluşu və ya qüdrət ona qalib gəlmək iqtidarında olmaz. Əsas məsələ insanın uca Allaha arxalanmasıdır.

İlahi hesablamalara görə, İranın dünyada birinci qüdrət olması nə deməkdir?

Elmi Hövzənin müəllimi qeyd olunan amilləri ümumiləşdirərək İran İslam Respublikasının ilahi hesablamalara görə dünyada birinci qüdrət olması anlayışını belə izah edib: Burada İranın adambaşına düşən gəlir və ya hərbi büdcə kimi maddi göstəricilər baxımından dünyada ilk sırada yer alması nəzərdə tutulmur. Əksinə, bu qiymətləndirmə zamanı ölkənin qüdrətinə təsir göstərən qeyri-maddi amillər də nəzərə alınır və həmin amillərin təsiri sırf maddi göstəricilərin təsirindən daha üstün ola bilər.

O əlavə edib ki, İranda Allahın mərkəzi yer tutduğu dünyagörüşü, Allaha təvəkkül edən döyüşçülərin mövcudluğu, eləcə də göylərin və yerin qoşunlarının ilahi yardımı İran İslam Respublikasının ilahi hesablamalara görə dünyada birinci qüdrət hesab olunmasına səbəb olan amillərdəndir.

İran İslam İnqilabının iki sabiq liderləri maddi inkişafı ilahi qüdrətə arxalanmaqla uzlaşdırıblar

Höccətül-islam vəl-müslimin Sənai İran İslam Respublikasının bu mövqeyə çatmasında İnqilabın iki sabiq rəhbərinin rolunu izah edərək bildirib ki, onlar qeyri-maddi amillərə diqqət yetirməklə yanaşı, maddi qüdrət göstəricilərini də nəzərə alıblar. Bu çərçivədə ölkənin resurslarına, imkanlarına və büdcəsinə uyğun şəkildə elmi, sənaye, raket və nüvə sahələrinin inkişafını diqqət mərkəzində saxlayıblar.

O, fikirlərini davam etdirərək qeyd edib ki, bu maddi amillərə diqqət yetirməklə yanaşı, xalqın, dövlət rəsmilərinin və qərar qəbul edən qurumların diqqəti həm də tükənməz ilahi qüdrətə yönəldilib ki, onlar Uca Allaha arxalandıqları təqdirdə ilahi yardımın da onlara şamil olacağını bilsinlər.

Qum Elmi Hövzəsinin müəllimi İnqilabın sabiq rəhbərlərinin çıxışlarından ibarət silsiləyə toxunaraq, həmin çıxışlarda feil və hərəkətlərin Allaha aid edilməsi prinsipinin — tövhidi-əfali (əməllərdə tövhid) anlayışının aydın şəkildə təzahür etdiyini avurğulayıb. . O qeyd edib ki, bu iki böyük şəxsiyyətin nitqində tövhidi-əfali düşüncəsi xüsusi yer tutur və onlar heç bir əməli özlərinə aid etmirlər, əksinə, bütün işləri uca Allahın müqəddəs zatına aid edirlər.

Milli özünəinam və xalqla hakimiyyət arasında bağlılıq keçmişə qayıdışın qarşısını alır

Höccətül-islam vəl-müslimin Sənai İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İranın keçmiş dövrə qayıtmaması ilə bağlı vurğularına toxunaraq bildirib ki, İran artıq Şərq və Qərb güclərinin onun haqqında qərar verdiyi, ölkənin başqalarının fikir, mövqe və göstərişlərinə qeyd-şərtsiz tabe olduğu şəraitə qayıtmayacaq.

O, İranın həmin dövrə qayıtmasının qarşısını alan amilləri izah edərək bildirib ki, ilk amil İranın və İran xalqının milli özünəinam və milli ləyaqət hissinə yiyələnməsidir. Bir xalq özünün ləyaqətli olduğuna və böyük güclərin qarşısında dayana biləcəyinə inandıqda, artıq alçaldıcı vəziyyətlə barışmır.

İslam Araşdırmaları Mərkəzinin fiqh üzrə işçi qrupunun katibi əlavə edib ki, ikinci amil hakimiyyətlə xalq arasında qırılmaz bağlılığın mövcud olmasıdır. Hakimiyyətin xalq arasında dayaqlarının və dini demokratiyanın möhkəmlənməsi insanların keçmişdəki alçaldıcı vəziyyətə qayıdılmasına imkan verməməsinə səbəb olur.

İnqilabın qarşısında duran üç təhdid: Vəzifəli şəxslərin dəbdəbəli həyat tərzindən mədəni passivliyə qədər

Höccətül-islam vəl-müslimin Sənai sistemin qarşısında duran təhdidlərə diqqət yetirməyin vacibliyini vurğulayaraq bildirib ki, vəzifəli şəxslərin qarşısında duran təhdidlərdən biri dəbdəbəli həyat tərzinə meyil etmələridir. Onun sözlərinə görə, vəzifəli şəxslərin bu istiqamətdə hərəkət etməsi cəmiyyətin xalq dayaqlarının zəifləməsinə gətirib çıxaracaq.

O, iqtisadi səmərəsizliyi ikinci təhdid kimi qeyd edərək bildirib ki, vəzifəli şəxslər cəmiyyətin iqtisadiyyatı üçün düzgün tədbirlər görə bilməsələr, bu məsələ sistemin qarşısında duran təhdidlərdən birinə çevriləcək.

Qum Elmi Hövzəsinin müəllimi üçüncü təhdidin mədəni passivlik olduğunu bildirərək vurğulayıb ki, mədəni dəyişikliklər qarşısında passiv mövqe tutulması və insanların dindən qaynaqlanan müsbət dəyərləri unutması sistemin və İnqilabın gələcəyi üçün təhlükə yarada bilər.

Höccətül-islam vəl-müslimin Sənai sonda qeyd edib ki, mədəni dəyişikliklər nəticəsində dini rəmzlərin cəmiyyətdən uzaqlaşması və dinin müsbət dəyərlərinin unudulması diqqət yetirilməli məsələlərdəndir. Çünki belə bir vəziyyət sistemin və İnqilabın gələcəyini təhdidlə üz-üzə qoya bilər.
 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha